İnfeksion Xəstəliklər

Hepatit B və Hepatit C infeksiyaları zamanı təmas sonrası profilaktika

İynə batması və kəsici alətlərlə yaralanmalar

Tibb işçiləri perkutan yaralanmalar ( iynə batması və ya kəsici-deşici alətlərlə zədələnmə) səbəbi ilə Hepatit B (HBV) və Hepatit C (HCV)  infeksiyalarına yoluxma baxımından risk qrupuna daxildir. Perkutan yaralanma sonrası yoluxma riskinin  HBV üçün 6-30%, HCV üçün 1,8% olduğu bildirilir.

Təmas sonrası ümumi profilaktik tədbirlər:

Qan və digər sekresiyalara məruz qalmış dəri nahiyəsi sabun və su ilə yuyulmalıdır. Mukoza təmaslarında həmin nahiyənin sadəcə su ilə yuyulması yetərlidir. Yara içinə antiseptik və ya dezinfeksiya edici maddələrin daxil edilməsi məsləhət deyil. Topikal antiseptiklər istifadə edilə bilər. Təmas nahiyəsini sıxmaq, qanatmağa çalışmaq və s. məsləhət görülmür, bunların yoluxma riskini azaltdığı göstərilməmişdir.

Hepatit B  

Yoluxma riski xəstənin HBsAg  antigenin vəziyyətinə və eyni zamanda təmas edən şəxsin immun vəziyyətinə bağlıdır. Xəstənin HBsAg antigen vəziyyəti aşkarlana bilmirsə, HBsAg antigeni pozitiv xəstə kimi yanaşmaq lazımdır.

Passiv immunizasiya

Hepatit B immunoqlobulin (HBİG) göstəriş olduqda, təmasdan sonra mümkün olan ən qısa müddətdə istifadə edilməlidir. Yetkin şəxslərə 0.06 ml/kg standart doz intramuskulyar yolla tətbiq edilir. Böyük dozların hissələrə ayrılaraq vurulması məsləhətdir. Əgər peyvəndlə eyni vaxtda olunacaqsa, inyeksiyalar fərqli nahiyələrə tətbiq edilməlidir. İmmunoqlobulinin təmasdan sonrakı 24 saat ərzində vurulması tövsiyə olunur, əgər bu vaxtda təmin edilə bilmirsə, ilk 7 gün ərzində (7 gün sonra istifadə edildikdə nə qədər təsirli olduğu bilinməməkdədir) vurula bilər.

Aktiv immunizasiya

Hepatit B peyvənd sxemi 0, 1, 6 ay şəklində 3 dozdur. Sürətli cavab almaq üçün isə 0, 1, 2 və 12 ay sxemi tətbiq edilə bilər. Peyvəndləmədən əvvəl rutin kontrol məqsədilə seroloji testlərin edilməsi tövsiyə olunmur. Peyvəndləmədən sonra qoruyucu anticisim səviyyəsi 10 mİU/ml -dən yüksək olmalıdır. Yetərli anticisim cavabı yaranmış şəxslərdə, sonradan anticisim səviyyəsi bu miqdardan aşağı düşsə belə, qoruyuculuğun davam etdiyi bildirilir. Virusla təkrar qarşılaşdıqda yaddaş hüceyrələri tərəfindən antigenlər tanınır və anticisim sintezini yenidən aktivləşir. Bu səbəblə immun sistemi normal şəxslərə təkrar doz tövsiyə edilmir. Tibb işçiləri üçün peşə təmas riski  səbəbiylə, üçüncü dozdan 1-2 ay sonra anti-HBs cavabı dəyərləndirilməlidir. Anti-HBs <10 mİU/ml-dən kiçikdirsə, bir doz peyvənd edildikdən sonra kontrol müayinə edilməsi və peyvənd cavabı olmazsa üç doza tamamlanması tövsiyə olunur.

Təmas sonrası profilaktika

  • Peyvənd olunmamış və ya peyvənd sxemini (3 doz) tamamlamamış şəxslər- xəstə HBsAg- pozitiv və ya bilinmirsə, HBİG və peyvənd, xəstə HBsAg- neqativ olarsa sadəcə peyvənd edilir
  • Peyvənd olunmuş və 3 dozdan sonra anti-HBs ≥ 10 mİU/ml-dən yuxarı olanlar üçün əlavə müdaxilə tələb olunmur
  • Peyvənd cavabı olmayan yəni 6 doz peyvənddən sonra anti-HBs <10 mİU/ml-dəb aşağı olanlar üçün xəstə HBsAg pozitiv və ya bilinmirsə 1 ay ara ilə 2 doz HBİG tətbiq edilir.
  • Peyvənd cavabı bilinməyən – peyvəndləmədən sonra anti-HBs baxılmamış şəxslər üçün anti-HBs baxılmalı, əgər titir  ≥ 10 mİU/ml-dən  yüksəkdirsə müdaxilə edilməməlidir.  Anti-HBs < 10 mİU/ml-dən aşağı olanlara xəstə pozitiv və ya bilinmirsə HBİG və peyvənd edilir.  Xəstə neqativ olarsa 1 doz peyvənd edilir, 1-2 ay sonra anti-HBs baxılır, cavab alınmazsa 3 doza tamamlanır.

Hepatit B ilə təmas sonrası profilaktika sxemi

Hepatit C

Təmasdan sonra HCV ən çox iynə batması ilə yoluxur, mukoz membranlardan yoluxma riski aşağıdır. Hepatit C infeksiyası üçün təmasdan öncə və sonra spesifik profilaktika yoxdur. Xəstədə anti-HCV ya da HCV RNT pozitivliyi var və ya bilinmirsə, məruz qalan şəxs erkən diaqnoz və müalicə məqsədilə yaxından izlənilməlidir.

Yeni qazanılmış HCV infeksiyasında təmasdan sonra 1-2 həftə ərzində HCV RNT pozitivləşir. Anti-HCV pozitivliyi isə 8-11 həftə sonra müşahidə olunur .

  • Təmas edən şəxslərdən 48 saat ərzində anti-HCV testi istənilməlidir. Bu test xronik HCV infeksiyasını inkar etmək üçündür.
  • Anti-HCV pozitiv olan şəxslərdə HCV RNT (PCR) pozitiv olarsa xronik infeksiya olaraq dəyərləndirilib müalicə başlanmalıdır.
  • Nəticə neqativdirsə, təmasdan 3-6 həftə sonra HCV RNT (PCR) baxılmalıdır. Əgər PCR testinin nəticəsi neqativdirsə, təkrar 4-6 ay sonra anti- HCV testi baxılır və nəticə pozitiv olarsa, HCV RNT (PCR) istənilir.
  • Təmasdan sonra 4 və 6-cı aylarda müayinə nəticələri neqativdirsə, xəstənin izlənməsi sonlandırılır.
  • HCV RNT pozitivliyi aşkarlanan bütün hallarda antiviral müalicə başlanmalıdır.

İstinad

Nurlana Hüseynova
 İnfeksion Xəstəliklər üzrə Mütəxəssis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir